Bank Of Baku

Rufiz Çıraqzadə: «Azərbaycanda qeyri-neft iqtisadiyyatının ortamüddətli inkişafına təkan vermək üçün maliyyə sektorunun vəziyyəti qənaətbəxş deyil»

Rufiz Çıraqzadə: «Azərbaycanda qeyri-neft iqtisadiyyatının ortamüddətli inkişafına təkan vermək üçün maliyyə sektorunun vəziyyəti qənaətbəxş deyil»
# 05 oktyabr 2012 10:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu QKDK-nin təşkilatçılığı və DB-nin dəstəyi ilə «Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar» mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı DB-nin ölkə üzrə meneceri vəzifəsini müvəqqəti icra edən Rufiz Çıraqzadə bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda yüksək iqtisadi artım müşahidə olunur: «2001-2008-ci illərdə yoxsulluğun səviyyəsinin 49%-dən 16%-ə enməsi həmin dövr ərzində çox yüksək iqtisadi artımın nəticəsi olub. Lakin bu sürətli artım əsasən neft və qaz ehtiyatlarından əldə olunan gəlirlər hesabına baş verir. Bu gəlirlər isə yaxın onillikdə çox güman sabit səviyyədə qalacaq, sonrakı dövrlərdə isə hətta azala da bilər».

DB nümayəndəsi hesab edir ki, Azərbaycanda iqtisadi artımın saxlanılması üçün iqtisadiyyatın diversifikasiyası, xüsusilə də qeyri-neft sektorunun inkişafı zəruridir. Onun fikrincə, Azərbaycanın maliyyə sistemi bu inkişafın təmin olunmasında mühüm rol oynaya bilər.

R.Çıraqzadə vurğulayıb ki, Azərbaycanın maliyyə sistemi müəssisələrin və ya müxtəlif layihələrin maliyyələşdirilməsi vasitəsi ilə yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir. Lakin inkişaf etməkdə olan bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da maliyyə sektorunun xidmətləri əsasən bank xidmətləri ilə məhdudlaşır: «Azərbaycanda qeyri-neft iqtisadiyyatının ortamüddətli inkişafına təkan vermək üçün maliyyə sektorunun vəziyyəti qənaətbəxş deyil. Bunu nəzərə alsaq, kapital bazarlarının inkişaf etdirilməsi işi maliyyə sektorunun çevikliyinin artırılması və ölkəyə yeni kapitalın cəlb edilməsi baxımından çox vacibdir».

DB rəsmisi vurğulayıb ki, bu səbəbdən, Azərbaycanda ənənəvi bank maliyyələşməsinə alternativ olan qeyri-bank maliyyə təşkilatlarına və xüsusilə qiymətli kağızlar bazarına ehtiyac duyulur. Kapital bazarında mövcud olan adi və imtiyazlı səhmlər, orta və uzunmüddətli istiqrazlar kimi, maliyyələşdirmə vasitələrinin çevikliyi, müəssisə və şirkətlərin maliyyəyə olan ehtiyacları qarşılaya bilər. «Hazırda həmin ehtiyaclar qarşılanmır. Kapital bazarları nə qədər innovativ olsalar və istiqraz və ümumi fondlar kimi etibarlı məhsullar təklif etsələr, investorlar üçün bir o qədər alternativlər yaranmış olar. Nəhayət, kapital bazarları vasitəsi ilə cəlb edilən xarici kapital nə qədər çox olarsa, bütün ölkə üçün iqtisadi artım imkanları bir o qədər geniş olar», - deyə R.Çıraqzadə qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR