Bank Of Baku

Naxçıvanda Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilib - FOTO

Naxçıvanda Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilib - <font color=red>FOTO</font>
# 06 oktyabr 2012 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Naxçıvanda Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan respublikalarının gömrük xidməti nümayəndələri iştirak edib. Türkiyə bu görüşdə Palatalar və Birjalar Birliyi ilə də təmsil olunub. Gömrük xidməti rəhbərlərinin görüşünə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli şəxsləri də qatılıb.

Tədbirdə çıxış edən DGK-nin sədri Aydın Əliyev görüşün Naxçıvanda keçirilməsinin təsadüfi olmadığını deyib. Komitə sədri tarixə nəzər salaraq vurğulayıb ki, qədim İpək Yolu üzərində yerləşən Naxçıvan tarixən dünyanın ən mühüm sənətkarlıq və ticarət mərkəzi kimi tanınıb. Ölkənin coğrafi cəhətdən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşdiyini və qədim zamanlardan dünya ticarət əlaqələrində böyük rol oynadığını önə çəkən A.Əliyev Azərbaycanın Böyük İpək Yolunun bərpasının təşəbbüskarlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, türkdilli dövlətlərin bütün sahələr üzrə əməkdaşlığı istiqamətində görüşlər ənənə halını alıb. Komitə sədri gömrük xidmətləri arasında görüşlərin bundan sonra mütəmadi xarakter alacağına və qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Qazaxıstan Maliyyə Nazirliyi yanında Gömrük Nəzarəti Komitəsinin sədr müavini İqor Ten, Qırğızıstan Dövlət Gömrük Xidməti sədrinin birinci müavini Zamirbek Malabekov, Türkiyənin gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Qismət Gözəlov çıxış edərək tarix, dil və mədəniyyət yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya əsaslanan, bütün sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrin və əməkdaşlığın əhəmiyyətini önə çəkiblər. Qeyd olunub ki, 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısı çərçivəsində imzalanmış «Naxçıvan bəyannaməsi»nə və «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında» Naxçıvan Sazişinə əsasən ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində səylər artırılıb.
Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşündə ölkələr bir-birlərinin gömrük işi sahəsində təcrübə və yenilikləri ilə yaxından tanış olublar. Bu məqsədlə ticarət və sərhəddən keçmə prosedurlarının sadələşdirilməsi ilə bağlı layihələrinin təqdimatı keçirilib. Qazaxıstan gömrük xidməti tranzit potensialın inkişaf etdirilməsini nəzərdə tutan «Silk Wind» layihəsini, Azərbaycan «bir pəncərə» prinsipinin tətbiqi, Qırğızıstan gömrük xidməti «İnformasiya texnologiyaları», Türkiyə isə «İpək Yolu» təşəbbüsü – «Karvansaray» layihəsini təqdim edib. Təqdim olunmuş layihələr üzrə türkdilli dövlətlərin töhfə və dəstəyinə dair fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində İpək Yolu ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi işində gömrük orqanlarının rolu mövzusunda V forum keçirilib. Bu istiqamətdə gələcək fəaliyyət planı müəyyənləşdirilib.

Azərbaycan gömrük xidməti «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında» Naxçıvan sazişində beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi kimi məsələlərin də yer aldığını nəzərə alaraq gömrük hüquqpozmalarına qarşı fəaliyyət sahəsində əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə layihə təqdim olunub. Qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozmalara qarşı mübarizə çərçivəsində dövlətlər arasında mümkün birgə əməliyyat və təşəbbüslərə dair rəy və təkliflər dəyərləndirilib.

Görüşdə təlim və texniki yardım sahəsində əməkdaşlıq məsələləri də gündəmdə olub. Gömrük laboratoriyaları, həmçinin gömrük tarifi, malın mənşə ölkəsi və sair kimi texniki gömrük məsələləri üzrə tədris proqramlarının həyata keçirilməsi üçün məsləhətləşmələr aparılıb.

Gömrük xidmətləri ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əlaqələrin genişləndirilməsi istiqamətində təkliflər müzakirə olunub. İstər Əməkdaşlıq Şurası, istərsə də gömrük xidmətləri arasında əlaqələrin inkişafı və şaxələndirilməsi üçün Gömrük Ekspert Qrupu yaradılıb. Gömrük xidməti rəhbərləri növbəti görüşün gələn il İstanbulda keçiriləcəyini qərara alıblar.

Görüşün sonunda türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri tərəfindən «Naxçıvan bəyannaməsi» qəbul olunub.

Tərəflər ticarətin və sərhəddən keçmənin sadələşdirilməsi üçün türkdilli dövlətlərin gömrük xidmətləri arasında əməkdaşlığı genişləndirmək, buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi, potensialının gücləndirilməsi, mal və nəqliyyat vasitələrinin, o cümlədən sərnişinlərin sərhəddən keçidinin sürətləndirilməsi üçün bir-biri ilə əməkdaşlıq etmək, məlumat və qabaqcıl təcrübə mübadiləsi ilə narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı səyləri birləşdirmək və digər bu kimi mühüm məsələlərlə bağlı razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR