Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 17 oktyabr 2012 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2012-ci ilin yanvar-sentyabr aylarının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı cari ilin ilk 9 ayı ərzində dünya iqtisadiyyatının mövcud vəziyyəti haqqında məlumat verərək, dünyanın aparıcı iqtisadiyyatlarının ləng bərpa prosesləri fonunda qlobal artım tempinin zəiflədiyni iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sədr Azərbaycan iqtisadiyyatının ötən dövrlərdə olduğu kimi, 2012-ci ilin 9 ayı ərzində də inkişaf etdiyini bildirib. R.Aslanlı qlobal iqtisadi sistemdəki bu meyllər fonunda cari ilin 9 ayı ərzində ölkə iqtisadiyyatında 1,1% artım müşahidə olunduğunu, habelə əvvəlcədən düşünülmüş və həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq, artımın 10,3%-nin qeyri-neft sektorunun təşkil etdiyini qeyd edib.

QKDK-nın sədri 2012-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında proseslərin antiinflyasiya xarakterli pul siyasəti və bir sıra struktur amillərinin dəyişkənliyi fonunda davam edərək, hesabat dövrü ərzində qiymətli kağızlar bazarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% artaraq 8,2 mlrd. manat təşkil etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Komitə sədrinin müavinləri və Aparatının rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələri tərəfindən 2012-ci ilin 9 ayı ərzində həyata keçirilmiş tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, QKDK-nın beynəlxalq əlaqələrinin gücləndirilməsi və ictimaiyyət arasında bazar haqqında biliklərin artırılmasına dair tədbirlərinin təşkil edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat iclas iştirakçılarının nəzərinə çatdırılıb.

İclası yekunlaşdıran kollegiyanın sədri R.Aslanlı cari ilin 9 ayının bütövlükdə Komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək, struktur bölmələrin növbəti dövr üçün əsas prioritetlərini iclas iştirakçılarının diqqətinə çatdırıb. Sədr, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramında (2011-2020-ci illər) ilin sonuna qədər nəzərdə tutulmuş tədbirlərin müəyyən edilmiş müddət ərzində tamamlanmasını, «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» ilə əlaqədar işlərin sürətləndirilməsini, «Twinning» proqramı üzrə işlərin yüksək səviyyədə təşkil edilməsini, Komitədə elektron xidmətlərin tətbiqi və onun genişləndirilməsinə dair müvafiq tapşırıqlar verib. R.Aslanlı Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası ilə bağlı konkret göstərişlər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR