Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmini 2 mlrd. ABŞ dollarına çatdırmaqla bağlı hədəf var.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli Kiyev şəhərində keçirilən Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı deyib.
"Bu məqsədlə intensiv əlaqələrin, hər iki ölkə şirkətlərinin potensial layihələr üzrə səmərəli əməkdaşlığının davam etdirilməsi vacibdir", - deyə V. Kirikli qeyd edib.
Məlumata görə, Komissiyanın iclası zamanı ötən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 mln. dolları təşkil etdiyi bildirilib. Ötən il Ukrayna ölkəmizin xarici ticarət dövriyyəsində 9-cu, idxalda 7-ci, ixracda 16-cı yeri tutub. İqtisadi əməkdaşlıq hər iki ölkədə ticarət evlərinin fəaliyyəti, perspektivli sahələrdə və sənaye parklarında yeni investisiya layihələri, ixracyönümlü birgə müəssisələrin yaradılması ilə daha da inkişaf edə bilər.