“Bank faizlərinin aşağı salınmasına ehtiyac var. Bank kredit faizləri 8-9 % olsa, daha yaxşı olar”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
O bildirib ki, Qarabağ regionunun dirçəldilməsi üçün kifayət qədər pul, investisiyalar qoyulması lazımdır: “Bu yükü niyə dövlətin boynuna qoyaq? Xaricdə yaşayan milyonlarla azərbaycanlı var ki, Qarabağa investisiya qoymaq istəyir. İstənilən bank sahibinə faizlərin çox olmasını irad bildirəndə depozit faizlərinin 10% olduğunu deyirlər. Bu, çox yaxşı, amma bank kreditlərinin faizi çox yüksəkdir”.
R. Quliyev bildirib ki, bank faizləri barəsində ciddi konsepsiya işlənməlidir: “Elə etməliyik ki, bizim sahibkarlar, o cümlədən Qarabağ regionuna vəsait qoymaq istəyən vətəndaşlar az faizlərlə bunu edə bilsinlər”.