Rusiyanın beynəlxalq ehtiyatları avqust ayında 0,5% artaraq 594,422 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics" RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının dərc etdiyi məlumatda deyilir.
Avqustun 1-də bu göstərici 591,753 mlrd. dollara bərabər idi. Göründüyü kimi, son bir ayda Rusiyanın beynəlxalq ehtiyatları 2,669 mlrd. dollar artıb.
Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bank və Rusiya hökuməti tərəfindən saxlanılan maliyyə aktivləridir. Beynəlxalq ehtiyatlar xarici valyutadakı aktivlərdən, monetar qızılından, xüsusi cəlbetmə hüquqlarından (SDR-lər – Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən istifadə olunan pul vahidi), BVF-də ehtiyat mövqe və digər aktivlərdən ibarətdir. Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlar üçün hədəf səviyyəsi 500 mlrd. dollar təşkil edir.