May ayının yekunu üzrə Azərbaycanda manatla pul bazası ilin əvvəlinə nəzərən 6,6% artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir.
APA-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.
“Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır. Yanvar-aprel aylarında kredit qoyuluşları 0,1%, o cümlədən hüquqi şəxslər üzrə 2,7% azalıb. Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir”, - AMB-nin məlumatında deyilir.