Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yerli kiçik və orta müəssisələrə (KOB) verilən kreditlərdə riskin bölüşdürülməsi məqsədilə AccessBank ilə əməkdaşlıq edərək Azərbaycanda Risk Bölgüsü Mexanizmini (RSF) yenidən işə salıb.
"APA-Economics" xəbər verir ki, RSF sazişinə əsasən, AYİB və AccessBank AccessBank-ın yerli şirkətlərə verəcəyi kredit riskini bölüşmək üçün hər biri 15 milyon avroya qədər vəsait ayıracaq. Gözlənilir ki, AYİB fərdi kreditlər üzrə riskin 50%-ə qədərini bölüşəcək. Bu da öz növbəsində AccessBank-a maliyyələşdirməyə başqa cür çıxışı olmayan və əksəriyyəti kiçik bizneslər olan şirkətlərə krediti genişləndirməyə imkan verəcək.
Bundan əlavə, bu vəsait AccessBank-a maliyyələşdirmə mənbələrini şaxələndirməyə, balans hesabatının ödəmə profilini yaxşılaşdırmağa və yerli bank sektorunun daha böyük üzvləri ilə rəqabət aparmağa imkan verəcək.
AccessBank-ın baş qərargahında keçirilən imzalanma mərasimində AYİB-in Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elisabetta Falcetti iştirak etmişdir. O, bildirmişdir: “Layihə qrupları ilə birlikdə RSF obyektinin yenidən işə salınmasını qeyd etmək üçün Bakıda olmaq çox xoşdur. Biz şadıq ki, Azərbaycan bizneslərinin maliyyələşdirilməsini artırmaqla yanaşı, bu saziş AccessBank-a ölkə daxilində KOB-un səmərəli maliyyələşdirilməsi üçün yeni maliyyələşdirmə üsulları və nou-hau əldə etməyə imkan verəcək.
AccessBank-ın İdarə Heyətinin Sədri David Tsiklauri deyib: “Biz fəxr edirik ki, AYİB Azərbaycanda RSF proqramını AccessBank ilə yenidən işə salıb. Biz AYİB ilə bu əməkdaşlıqdan məmnunuq və inanırıq ki, bu bizə KOB-ların maliyyələşdirmə imkanlarını genişləndirməyə imkan verəcək və bununla da sahibkarlığın artmasına və Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə vermiş olacaq”.
RSF AYİB regionlarında özəl sektorun böyüməsinə və inkişafına həsr olunmuş Kiçik Biznes Təşəbbüsü daxilində strateji çərçivədir. RSF Banka dövriyyə kapitalına ehtiyacı olan uyğun müəssisələrə tərəfdaş bankların ayırdıqlar kreditləri üzrə riski bölüşdürmək imkanı verir, bu da öz növbəsində KOB-ların böyüməsinə və daha rəqabətli olmasına kömək edir.
Bu günə qədər AYİB 42 yerli maliyyə institutu ilə əməkdaşlıq edərək, kiçik və orta müəssisələrə ümumi dəyəri 1,07 milyard avrodan çox olan 425-dən çox RSF sub-kreditinin verilməsini asanlaşdırıb.
AccessBank Azərbaycanın KOB-larını dəstəkləmək üzrə ixtisaslaşan və 2002-ci ildən onlara sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır.
AYİB Azərbaycanda ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.