Bu ilin yanvar-avqust aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 1 590 877,1 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 559 777,1 min dollar və ya 26% azdır.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin avqust ayında ölkə əhalisi tərəfindən 226 497,8 min dollar alınıb. Bu isə iyul ayına nisbətən 12 472,7 min dollar və ya 5,2%, cari ilin yanvar ayına nisbətən 73 129,6 min dollar və ya 24,4%, ötən ilin avqust ayına nisbətən isə 316 250,9 min dollar və ya 2,4 dəfə azdır.
Bundan başqa, yanvar-avqustda ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 244 724,6 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 125 064,7 min dollar və ya 9,1% azdır.
Kommersiya bankları tərəfindən avqustda əhalidən alınan nağd dolların məbləği 141 382,7 min dollar təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 24 123,3 min dollar və ya 14,6%, cari ilin yanvar ayına nisbətən 22 288,6 min dollar və ya 13,6%, ötən ilin avqust ayına nisbətən isə 15 993,6 min dollar və ya 10,2% azalıb.
Beləliklə, cari ilin yanvar-avqust aylarında Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışı 346 152,5 min dollar, avqustda isə 85 115,1 min dollar üstələyib.