Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan APA-ya verilən məlumata görə, kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə auditor hesabatları, o cümlədən qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun təhlilinə dair, dövlət büdcəsindən beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar müzakirə olunub.
Kollegiya iclasında nəzarət tədbirləri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Azərbaycan Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.