Bank Of Baku

Azərbaycanda bələdiyyələr üçün 5 mln. avro dəyərində layihələr həyata keçiriləcək

Azərbaycanda bələdiyyələr üçün 5 mln. avro dəyərində layihələr həyata keçiriləcək
# 13 fevral 2026 12:42 (UTC +04:00)

Merlər Razılaşması çərçivəsində Azərbaycanda bələdiyyələr üçün 5 milyon avro dəyərində layihələr həyata keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə təşəbbüsün Yerli Dayanıqlı İnkişaf koordintoru Maksim Vereşçak bildirib.

Onun sözlərinə görə, Merlər Razılaşması çərçivəsində Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanmasında yardım göstərilir: "Layihələri maliyyələşməyə hazır vəziyyətə gətirmək üçün onlar üçün yaşayış və ictimai binaların enerji auditini həyata keçirmişik. Beləliklə, indi əlimizdə potensial investorlara təqdim edə biləcəyimiz 11 bina üzrə 11 sənəd var.
Bu layihələrin ümumi dəyəri 5 milyon avrodan çoxdur", - Maksim Veresçak qeyd edib.

O əlavə edib ki, qeyd olunan layihələr Mingəçevir, Xırdalan, Şəki, Yevlax, Gəncə və Şamaxıda həyata keçirilir.

Maksim Vereşçakın sözlərinə görə, Merlər Razılaşması çərçivəsində bu yaxınlarda keçiriləcək digər bir fəaliyyət isə "Enerji Günləri 2026"dır.

"Adətən şəhərlər bu tədbirləri "Avropa Dayanıqlı Enerji Həftəsi" çərçivəsində təşkil edirlər. Güman ki, mart ayının sonuna qədər şəhərlərinizdə keçirmək istədiyiniz tədbir və fəaliyyət ideyalarını toplayacağıq. Enerji günləri çərçivəsində təşkil oluna biləcək müsabiqələr üçün bəzi mükafatlarla sizi dəstəkləyə, metodoloji baxımdan köməklik göstərə, digər şəhərlərin təcrübələrini bölüşə bilərik. Hesab edirəm ki, bu, yerli səviyyədə enerji səmərəliliyini təşviq etmək üçün yaxşı fürsətdir. Bundan başqa, bu il Azərbaycan daxil olmaqla, 200-dən çox iştirakçının qatılacağı böyük konfrans keçirəcəyik. Söhbət bu ilin mayında Moldovada Merlər Razılaşmasının yaradılmasının 15-ci ildönümü ilə bağlı konfransdan gedir", - Maksim Vereşçak vurğulayıb.

Qeyd edək ki, Naxçıvandan əvvəl eyni maarifləndirici tədbirlər Bakı və Şəki şəhərlərində təşkil olunmuşdu.

Merlər Razılaşması – Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR