2022-ci ilin yanvar-mart aylarında əsas kapitala 2 440,7 mln. manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5% az vəsait yönəldilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1% artıb.
İstifadə olunmuş vəsaitin 1 524,7 mln. manatı və ya 62,5%-i məhsul istehsalı sahələrinə, 743,2 mln. manatı (30,4%-i) xidmət sahələrinə, 172,8 mln. manatı (7,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 676,7 mln. manatını və ya 68,7%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 688,2 mln. manatı və ya 69,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,8%, büdcə vəsaitləri 24,6%, əhalinin şəxsi vəsaitləri 8,1%, sair vəsaitlər 3,8%, bank kreditləri isə 1,7% təşkil edib.