Daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 33,5 mln. manatı vətəndaşlara geri qaytarılıb

Daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 33,5 mln. manatı vətəndaşlara geri qaytarılıb
# 14 iyun 2024 11:05 (UTC +04:00)

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həyata keçirilən layihə uğurla davam etdirilməkdədir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin noyabrından 2024-cü il iyunun 1-dək müvafiq portal üzrərindən ümumilikdə 15.897 müraciət daxil olub ki, həmin müraciətlərdən 8.363-ü üzrə 33,5 mln. manat vəsaitin ödənilməsi təmin edilib. Təkcə bu ilin 5 ayı ərzində isə vətəndaşlar layihə çərçivəsinə 2.522 müraciət ünvanlayıblar. Bu müraciətlərdən 1.532-i üzrə 7,6 mln. manat vəsaitin ödənilməsi təmin edilib, müvafiq qaydaların tələblərinə əsasən 898 müraciət üzrə ödənişdən imtina olunub.

Portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.365 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, bunlardan 891-i təsdiqlənib.

ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür.

Qeyd edək ki, imtina hallarına səbəb olan bir sıra əsas məqamlar mövcuddur. Bunlara son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir.

Eyni zamanda, mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələri tövsiyyə olunur. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq - təhlil işləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR