Dəyər yaratma və davamlılıq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya strategiyalarının əsas təməlini təşkil etməlidir və bu hədəflərə çatmaq üçün müsbət təsirli investisiyalar böyük potensiala malikdir.
ARDNF-dan “APA-Economics”ə verilən məlumata görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfransda çıxış edərkən bildirib.
“Təşkil etdiyimiz bu konfransın uzunmüddətli institusional investorların bu sahədə məlumatlılığının artırılmasında mühüm mərhələ olacağına inanırıq”, - deyə Ş. Mövsumov qeyd edib.
Konfrans zamanı çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti Hans Piter Lanks deyib ki, IFC 60 ildən çox müsbət təsirlərə səbəb olan investor kimi çıxış edir: “Qurum fəaliyyət göstərən sahələrdə tərəfdaşlarımızla birlikdə sosial və ekoloji mənfəət naminə investisiya qoyuluşunun etimad və şəffaflığını artırmaq üçün həyata keçirilən səylərə rəhbərlik edir. IFC hazırda artan sayda investor və şirkətlərin cəmiyyət üçün müsbət nəticə əldə etmək istiqamətində öz biznes modellərini və investisiya strategiyalarını uzlaşdırmaq niyyətlərini görməkdən məmnundur”.