Dövlət büdcəsində xərclərin hansı istiqamətlər üzrə proqnozdan artıq olduğu açıqlanıb

Dövlət büdcəsində xərclərin hansı istiqamətlər üzrə proqnozdan artıq olduğu açıqlanıb
# 02 iyun 2023 11:06 (UTC +04:00)

Təsdiq edilmiş xərclərlə müqayisədə mütləq və nisbi ifadədə ən böyük artım 2511,7 mln. manat olmaqla “İqtisadi fəaliyyət” bölməsi üzrə nəzərdə tutulub.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, bu da əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin 1800,0 mln. manat, iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlərin isə 733,2 mln. manat artırılması ilə əlaqədardır. Yenidən baxılma zamanı mütləq və nisbi ifadədə ən çox azalma 173,1 mln. manat olmaqla “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində proqnozlaşdırılıb ki, bu da Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun xərclərinin 200,0 mln. manat azaldılması hesabınadır. 2023-cü ilin dövlət büdcəsi xərclərinin ilk 4 ay ərzində icra göstəricilərinə nəzər salsaq, funksional təsnifatın 6 bölməsi üzrə icra səviyyəsinin proqnozdan az, 6 bölməsi üzrə isə proqnozdan çox olduğunu qeyd edə bilərik.

Bildirilib ki, əsaslı xərclərdə nəzərdə tutulmuş artım əsasən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin 2260,0 mln. manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərin 1000,0 mln. manat, Azərbaycan-Özbəkistan İnvestisiya və Azərbaycan-Qırğız İnkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının 212,5 mln. manat, dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri xərclərinin 128,0 mln. manat artırılması ilə əlaqədardır. İzahata əsasən dövlət borcuna xidmətlə bağlı xərclərdə nəzərdə tutulmuş artım 2022- ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azalması fonunda daxili maliyyə bazarlarında emissiya edilmiş irihəcmli dövlət qiymətli kağızları üzrə əlavə faiz xərclərinin formalaşması, habelə ötən ildən başlayaraq beynəlxalq və daxili maliyyə bazarlarında faiz dərəcələrinin artması səbəbindən dövlət borcuna xidmətlə bağlı xərclərin 177,5 mln. manat artırılması ilə bağlıdır.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsinə rəydə Hesablama Palatası tərəfindən dövlət borcuna xidmətlə bağlı xərclərdə faiz ödənişlərində artım ehtimalının olması şərh edilmişdir. Bununla yanaşı, əvvəlki illərin icra göstəricilərinə nəzər salsaq, ilin sonunda əsaslı xərclərin dəyişikliklər edilməklə artırıldığını, cari xərclərin isə azaldıldığını qeyd edə bilərik. Aparılan təhlillər bunun əsas səbəbinin ehtiyat fondlar üzrə təsdiq edilmiş göstəricinin ilkin olaraq cari xərclərə aid edilməsi, büdcənin icrası prosesində (il ərzində həyata keçirilən dəyişikliklər nəzərə alınmaqla) isə həmin xərclərin bir hissəsinin əsaslı xərclərə yönəldilməsi ilə bağlı olduğunu göstərir ki, bu da analoji halın 2023-cü ildə də müşahidə ediləcəyini və nəticədə əsaslı xərclərin yenidən baxılan göstəriciyə nisbətən yüksək olacağını deməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR