Azərbaycanda dövlət qurumlarının bağladığı müqavilələr əsasında satın alınan malların elektron mühasibatlıq sistemində avtomatik uçotunun aparılması nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, elektron müqavilə, elektron xəzinədarlıq və elektron mühasibatlıq sistemlərinin inteqrasiyası dövlət maliyyəsinin idarə edilməsində yeni imkanlar yaradacaq.
N. Soltanov qeyd edib ki, müqavilələr əsasında satın alınan mallar avtomatik olaraq elektron mühasibatlıq sistemində əks olunacaq. Bununla dövlət qurumlarının eyni məlumatları müxtəlif sistemlərə təkrar daxil etməsinə ehtiyac qalmayacaq.
O bildirib ki, bu yenilik dövlət qurumlarının maliyyə əməliyyatlarına sərf etdiyi vaxtı azaldacaq, uçot proseslərini sadələşdirəcək və vəsaitlərin idarə edilməsində səmərəliliyi artıracaq.
Nazirlik rəsmisi əlavə edib ki, elektron sistemlərin qarşılıqlı inteqrasiyası xəzinədarlıq ödənişlərinin sürətləndirilməsinə, dövlət qurumları və təchizatçılar üçün məlumatların əlçatanlığının artırılmasına da imkan verəcək.
“Bütün alt sistemlər tam fəaliyyətə başladıqca dövlət vəsaitlərinin səmərəli idarə edilməsi imkanları daha da genişlənəcək”, – deyə Nurlan Soltanov vurğulayıb.