“Günay Bank” bu ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" hesabata istinadən xəbər verir ki, "GünayBank"ın xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 2022-ci ilin 9 ayında 1,5 dəfə artaraq 616 min manata çatıb. Bank ötən ilin eyni dövründə 399 min manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə bankın faiz gəlirləri 6% artaraq 11 milyon 222 min manat, qeyri-faiz gəlirləri isə 3 % artaraq 5 milyon 855 min manata yüksəlib. Ötən ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın faiz xərcləri 26,5% artaraq 8 milyon 628 min manat, qeyri-faiz xərcləri isə 3,9% azalaraq 7 milyon 27 min manata bərabər olub.
Başqa sözlə, "GünayBank"ın cəmi əməliyyat gəlirləri 17 milyon 77 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 655 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 422 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 620 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 187 min manat mənfəət vergisi ödəyib.
Bu il oktyabrın 1-nə "GünayBank" cəmi aktivləri 12,8% artaraq 289 milyon 894 min manata çatıb. Bankın kredit portfeli 6 milyon 555 min manat və ya 3,3 % artaraq 206 milyon 330 min manat təşkil edib. Bankın istehlak kreditləri portfeli 153 min manat azalaraq 2 milyon 380 min manata, biznes kreditləri portfeli 1 milyon 309 min manat azalaraq 124 milyon 331 min manata düşüb. İpoteka kreditləri portfeli isə 8 milyon 16 min manat artaraq 79 milyon 617 min manata yüksəlib. Qeyd edək ki, cəmi kredit portfelinin artması ipoteka kreditləri portfelinin artması ilə əlaqədardır.
Bu ilin 9 ayında "GünayBank"ın depozit portfeli isə 23 milyon 30 min manat və ya 24,6% artaraq 116 milyon 590 min manata çatıb. Bununla belə, əhali son üç ayda “Günay Bank”dakı depozitlərini bir hissəsini geri çəkib.
Fiziki şəxslərin “Günay Bank”dakı depozitləri 2022-ci ilin üçüncü rübü ərzində 13 milyon 80 min, yaxud 15%-dən çox azalmaqla 72 milyon 690 min manata enib.
Eyni qaydada, hüquqi şəxslərin son üç ayda depozitləri 47 milyon 87 min manatdan 43 milyon 90 min manata düşüb.
Bu dövrdə bankın məcmu kapitalı isə 0,1% azalaraq 65 milyon 363 min manata enib.