Azərbaycan Mərkəzi Bankı (AMB) qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq ARAS risk əsaslı nəzarət sisteminin tətbiqinə başlayıb.
“APA-Economics” xəbər verir ki, bunu AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni sistem bankların risk profilini daha dəqiq müəyyən etməyə, risk səviyyələri əsasında prioritetləşdirilmiş və mütənasib nəzarət tədbirlərinin tətbiqinə imkan verir.
Əliyar Məmmədyarov qeyd edib ki, sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında oyun qaydalarını köklü şəkildə dəyişdirir. Bu isə texnoloji və kiberrisklərə yönəlmiş nəzarət mexanizmlərinin tətbiqinin sürətləndirilməsini zəruri edir.
Bu çağırışlara cavab olaraq Mərkəzi Bank çeviklik və mütənasiblik prinsiplərinə əsaslanan “ağıllı tənzimləmə” (smart regulation) konsepsiyasını rəhbər tutur.