Bank Of Baku

FSI rəhbəri: İtaliya şirkətləri Azərbaycanda sənaye sahələrinə investisiya imkanlarını dəyərləndirə bilər

FSI-nin baş icraçı direktoru və idarəedici tərəfdaşı Maurizio Tamagnini

© APA | FSI-nin baş icraçı direktoru və idarəedici tərəfdaşı Maurizio Tamagnini

# 29 sentyabr 2026 10:12 (UTC +04:00)

İtaliya şirkətlərinin Azərbaycanda yalnız kommersiya əməliyyatları aparmaqla kifayətlənməyərək, müəyyən istehsal və sənaye funksiyalarını da həyata keçirməsi üçün imkanlar mövcuddur.

Bunu “APA-Economics”ə açıqlamasında İtaliya investisiya fondu FSI-nin baş icraçı direktoru və idarəedici tərəfdaşı Maurizio Tamagnini bildirib.

Onun sözlərinə görə, ötən həftə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumun nəticələri müsbət və ümidvericidir, eyni zamanda mövcud potensialdan daha geniş istifadə etmək mümkündür.

“İnvestorlar burada çox sabit mühit görürlər. İnvestorların həqiqətən gəlib sərmayə yatırması və mövqelərini genişləndirməsi üçün sabit mühitə ehtiyacı var. Eyni zamanda, onlar maraq göstərdikləri əsas sənaye sahələrinə vəsait yatırmaq üçün böyük imkanların olduğunu görürlər”, – deyə Maurizio Tamagnini bildirib.

FSI rəhbəri Forum çərçivəsində data mərkəzlərinin inkişafı və bu istiqamətdə investisiya imkanlarının da geniş müzakirə edildiyini vurğulayıb.

Maurizio Tamagnini İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi perspektivlərinə də toxunub. Onun sözlərinə görə, İtaliya şirkətləri Almaniya və ABŞ-ın iri şirkətləri ilə müqayisədə daha kiçik olduğundan miqyaslarını genişləndirmək üçün yerli tərəfdaşlıqlara ehtiyac duyurlar.

“Buna görə niyə burada yalnız kommersiya əməliyyatları aparmaqla kifayətlənək? Müəyyən sənaye funksiyalarının da Azərbaycana gətirilməsi mümkündür”, – FSI rəhbəri qeyd edib.

O bildirib ki, maşınqayırma, tibbi avadanlıq və əczaçılıq kimi yüksək əlavə dəyər yaradan sahələrdə fəaliyyət göstərən İtaliya şirkətlərinin Azərbaycanda investisiya layihələri həyata keçirməsi həm Azərbaycan, həm də İtaliya üçün faydalı ola bilər.

Maurizio Tamagnini Azərbaycan və İtaliya arasında mövcud iqtisadi əlaqələrə də diqqət çəkib. O, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiyalarını və İtaliyanın Azərbaycandan qaz idxalını iki ölkə üçün strateji əhəmiyyət daşıyan əməkdaşlıq istiqamətləri kimi qiymətləndirib.

FSI-nin ARDNF-lə əməkdaşlığından danışan Maurizio Tamagnini bildirib ki, tərəflər 10 ildən artıqdır əməkdaşlıq edirlər.

“ARDNF-lə münasibətlərimizi daha da gücləndirməkdən çox məmnunuq. Artıq 10 ildən çoxdur birlikdə işləyirik. Əməkdaşlığımız çox yaxşıdır. ARDNF komandası son dərəcə peşəkardır və bizə əlavə dəyər qazandırır”, – o əlavə edib.

FSI rəhbərinin sözlərinə görə, Bakıda dünyanın müxtəlif regionlarından iri suveren fondların rəhbərlərinin bir araya gəlməsi Forumun artıq konkret nəticələrindən biri hesab edilə bilər. O qeyd edib ki, tədbirdə Körfəz ölkələri, Yaxın Şərq, Asiya, ABŞ və kontinental Avropadan investorların iştirakı gələcək əməkdaşlıq üçün platforma formalaşdırır.

Maurizio Tamagnini Forumun hər il keçirilməsinin tərəfdarı olduğunu da bildirib. Onun fikrincə, tədbirin fərqləndirici xüsusiyyətlərindən biri investisiya mövzularının ümumi müzakirələrlə məhdudlaşmayaraq daha dərindən nəzərdən keçirilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR