Son illər ərzindəki irəliləyişlərə baxmayaraq, daha güclü makroprudensial siyasət çərçivələri Azərbaycanın da daxil olduğu Qafqaz və Mərkəzi Asiya (CCA) regionunun maliyyə sektorunun dayanıqlığını gücləndirməyə kömək edəcək.
"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) region üzrə son araşdırmasında deyilir.
Qeyd edilir ki, CCA ölkələri xarici şoklara, kredit və aktivlərin dəyərinin dalğalanmalarına və struktur zəifliklərinə həssas olduğundan, makroprudensial siyasətlərin gücləndirilmiş rolu maliyyə sabitliyinə və öz növbəsində maliyyə inkişafı və inklüzivliyinə əhəmiyyətli dərəcədə dəstək verəcək. Bankların zəif idarəetməyə malik olduğu və nəzarət imkanlarının məhdud olduğu bir çox CCA ölkələrində bu sahələrin təkmilləşdirilməsi prioritet məsələdir.
"Hüquqi bazanın gücləndirilməsi üçün lazım olan tədbirlərə adekvat girov səfərbərliyi və icrası, müflisləşmə prosedurları və biznesin korporativ idarə edilməsi daxildir. Etibarlı məlumat infrastrukturu kredit reyestrləri, standartlaşdırılmış mühasibat uçotu və audit təcrübələri vasitəsilə borcalanların kredit qabiliyyətində şəffaflığı artıracaq", - araşdırmada bildirilir.
Hesabata görə, son illərdə CCA-də makroprudensial siyasət çərçivələrinin gücləndirilməsi səyləri sürətlənib, bütün CCA ölkələri makroprudensial siyasəti idarə edən orqan müəyyənləşdirib və ölkələrin əksəriyyəti makroprudensial orqana tam səlahiyyətlər verib. Əksər ölkələrdə mərkəzi banklar makroprudensial orqandır.
Bununla belə, Fondun araşdırmasına vurğulanır ki, hökumətin təsiri və makroprudensial orqanların məhdud müstəqilliyinə gətirib çıxarıb. Makroprudensial siyasət üçün səlahiyyətləri yenidən təyin edən institusional dəyişikliklər CCA-da yüksək xərclərə səbəb olub. Azərbaycan, Gürcüstan və Qazaxıstan son onillikdə nəzarət və makroprudensial səlahiyyətləri yenidən təyin edib, ancaq sonradan bu qərarlar ləğv olunub.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildə nəzarət və makroprudensial siyasət üzrə məsuliyyəti Mərkəzi Bankdan alaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Agentliyinə (FİMSA) verib, lakin 2020-ci ildə sözügedən səlahiyyətlər yenidən AMB-yə qaytarılıb. Eynilə, 2011-ci ildə Qazaxıstan makroprudensial məsuliyyəti maliyyə nəzarəti agentliyindən Qazaxıstan Milli Bankına ötürüb və 2020-ci ildə bu qərarı ləğv edib. 2008-ci ildə Gürcüstan makroprudensial məsuliyyəti Mərkəzi Bankdan asılı olmayan maliyyə nəzarəti agentliyinə həvalə edib, lakin 2009-cu ildə bu qərar ləğv olunub.
BVF-nin ekspertlərini fikrincə, bu dəyişikliklər islahatları və məsul qurumun institusional biliklərinin inkişafını və potensialın artırılmasını ləngidib. Belə ki, 2015-ci ildə makroprudensial siyasət üzrə məsuliyyət FİMSA həvalə olduğundan AMB maliyyə sabitliyi icmallarının dərc etməsini dayandırdı, lakin bu səlahiyyətlər ona qaytarılandan sonra maliyyə sabitliyi hesabatı dərc edilməyib.