Böyük Britaniyanın "BAE Systems" müdafiə şirkəti silah ixracına nəzarət qanunlarını və beynəlxalq silah ticarəti qaydalarını 104 dəfə pozduğuna görə ABŞ hakimiyyətinə 36 milyon dollar cərimə ödəyəcək.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, pozuntular arasında "BAE Systems" tərəfindən bir sıra ölkələrə, o cümlədən bir halda Çinə icazəsiz texniki məlumatların ixracı, həmçinin hərbi əhəmiyyətli müdafiə məhsullarının və texniki məlumatların icazəsiz ixracı olub.
Şirkət pozuntuların biri istisna olmaqla, digər halları könüllü şəkildə ABŞ hakimiyyətinə açıqlayıb. Pozuntuların əhəmiyyətli hissəsi 2023-cü ildən əvvəl baş verib.
Razılaşmaya əsasən, "BAE Systems" 36 ay ərzində 36 milyon dollar cərimə ödəyəcək. Bundan əlavə, ilk iki il ərzində şirkətin razılaşmanın şərtlərinə əməl etməsinə nəzarət etmək üçün müstəqil audit keçiriləcək.