Ləğv prosesində olan "Bank Standard" QSC-nin 10 min ABŞ dollarınadək qorunmayan əmanəti olan əmanətçiləri pullarını yaxın vaxtlarda geri ala biləcəklər.
"APA-Economics"in məlumatına görə, bu barədə ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında çıxış edən Komitənin sədri, Şahin Əhmədov deyib.
Onun sözlərinə görə, bu barədə rəsmi dairələrdən bildirilib: "Rəsmi dairələrdən mənə deyirlər ki, siz öz pullarınızı geri ala biləcəksiniz".
İclasda çıxış edən Komitə sədrinin müavini, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF – Azerbaijan Deposit Insurance Fund) icraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev qeyd edib ki, “Bank Standard”da 15 mindən artıq vətəndaş bu vəsaiti əldə etmək hüququ alıb. Bütövlükdə isə ölkə üzrə bu say 50 mindən yuxarıdır: Bir məqamı qeyd edim ki, bu qərar məhkəmə tərəfindən qəbul olunub və tam qanunidir. Bu vəsaitlərin qaytarılmasını yaxın zamanda keçirilməsini planlaşdırırıq. Hazır da işlər gedir. İlik növbədə “Dəmir Bank”da olan müsbət təcrübəmiz var. Bildiyiniz kimi, biz o vaxt əmanətləri nağd qaydada alırdıq, “Dəmir Bank”da isə bunu nağdsız qaydada həyatda keçirdik".
V. Abdullayev əlavə edib ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF – Azerbaijan Deposit Insurance Fund) tərəfindən bununla bağlı müraciət edən vətəndaşlar vəsaitlərini haradan ala biləcəkləri haqqında məlumatlandırılacaqlar: "Çalışacağıq ki, geniş şəbəkəyə malik olan bank vasitəsilə bunu alaq ki, vətəndaşlar yalnız bir ərizə ilə müvafiq filiala müraciət edəndə vəsaiti ala bilsinlər", - deyə V. Abdullayev əlavə edib.
V. Abdullayevin sözlərinə görə, ləğv planının 3 və 4-cü bəndləri ilə bağlı düzəlişlər edilməsi üçün Apelyasiya Məhkəməsinə göndərilib: "Bəzi terminologiya ilə bağlı düzəlişlər tələb olunur. Məhkəmənin vaxtı yaxınlarda müəyyən olunacaq. Ümid edirik ki, yaxın 10-15 gün ərzində məsələyə baxılacaq”.