Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər və preauditin keçirilməməsinin səbəbləri açıqlanıb

Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər və preauditin keçirilməməsinin səbəbləri açıqlanıb
# 19 aprel 2024 17:52 (UTC +04:00)

Dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlarının olmaması büdcə üzrə qərarların aydın mənzərə olmadan verilməsinə səbəb olur.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı” müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov qeyd edib ki, konsolidə edilmiş maliyyə hesabatları yalnız pul vəsaitinin hərəkətini deyil, aktiv və öhdəliklərin tarix üzrə dəyişimini də izləməyə imkan verir: “Dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatının hazırlanması çox saylı mərhələlərdən keçməlidir. İlkin mərhələlərindən biri qurum səviyyəsində konsolidasiyanın doğru aparılmasıdır. Apardığımız auditlər göstərir ki, bu sahədə qanunvericilik və metodoloji bazada, habelə kadr potensialında, o cümlədən biliklərin praktikada tətbiq olunmasında problemlər var”.

Hesablama Palatasının sədri onu da qeyd edib ki, ali audit orqanlarının Konstitusiyası hesab edilən Lima bəyannaməsinə əsasən post (sonrakı) audit ali audit orqanlarının mütləq vəzifəsidir, lakin preaudit milli qanunvericilikdən irəli gəlir: “Hazırda “Hesablama Palatası haqqında” Qanundan da göründüyü kimi, qanunvericilik preauditi birbaşa müəyyən etmir. Lakin layihəyə rəy verməklə bağlı Hesablama Palatası qarşısında vəzifə müəyyən olunub. Bu vəzifə ex-ante qiymətləndirilməsini ehtiva edir və hesabat ili ərzində bu vəzifəni icra etməklə 7 rəy vermişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR