Azərbaycanda “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra səviyyəsi 2025-ci ildə 85,6% təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə strategiyanın icra səviyyəsi 81,8% olub. Beləliklə, ötən il bu göstərici əvvəlki illə müqayisədə 3,8 faiz bəndi artıb.
T. Kazımov qeyd edib ki, strategiya maliyyə sektorunun bütün əsas seqmentləri üzrə ölçülə bilən prioritetlər əsasında hazırlanıb və onun icrasına dair illik hesabatların dərc olunması nəzərdə tutulub.
AMB sədri bildirib ki, strategiya çərçivəsində faiz dərəcəsi kanalı vasitəsilə pul siyasətinin transmissiyasının təkmilləşdirilməsi, maliyyə sektorunun sabitliyinin gücləndirilməsi, ödəniş infrastrukturunun modernizasiyası, rəqəmsal maliyyə innovasiyalarının təşviqi və yaşıl taksonomiyanın tətbiqi istiqamətində mühüm addımlar atılıb.
“İcrası kənardan ölçülüb qiymətləndirilməyən strategiya nəticədə həyata keçirilməsi ən asan olan tədbirlərə yönəlir”, – Taleh Kazımov vurğulayıb.