Azərbaycanda 3,2 milyon manatlıq tenderin qalibi "MƏİŞƏT İST" MMC 70 min manat vergi borcunun olması məsələsinə aydınlıq gətirib.
Şirkətin rəhbəri Nicat Cəfərov "APA-Economics"ə bildirib ki, hər hansı tender keçirilərkən qaydalara uyğun olaraq vergi borcu ilə bağlı arayış təqdim edilir. Şirkətin vergi borcu olduğu halda tenderə buraxılmır. Yəni, "MƏİŞƏT İST" MMC-nin tender keçirilərkən hər hansı bir vergi borcu olmayıb: "Tender keçiriləndən sonra bu il 6 min manat vergi öhdəliyi yaranıb, qarşılığında 10 min manat ödəniş etmişik. Hətta 4 min manat artıq ödəməmiz yaranıb".
Nicat Cəfərov qeyd edib ki, məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, 3 iş günü ərzində sistemdə göstərilən borc silinəcək.
Qeyd edək ki, "MƏİŞƏT İST" MMC Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderin qalibi seçilib. Şirkətlə göstəriləcək xidmət üzrə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.
Dövlət Vergi Xidmətinin rəsmi saytında isə "MƏİŞƏT İST" MMC-nin 69 min 881.77 manat vergi borcunun olduğu barədə məlumat var.
***
12.03
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderə yekun vurub.
"APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, "MƏİŞƏT İST" MMC bu tenderin qalibi seçilib. Qalib şirkətlə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında "MƏİŞƏT İST" MMC-nin 69 min 881.77 manat vergi borcunun olduğu ilə bağlı məlumat var. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.