Sadələşmiş vergi ilə bağlı 200 min manat limitinin artırılması ilə bağlı təkliflər hökumətə təqdim edilib.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.
Maliyyə naziri bildirib ki, bu rəqəmlər layihə şəklindədir: “Sadələşmiş vergi rejimi mikro və kiçik sahibkarlığın inkişafı üçündür. Layihə hazırda dövlət orqanlarında müzakirə edilir. Sadələşmiş vergi məsələsi üzrə işlər davam edir. Hazırda hökumətdə müzakirə olunan layihələrdən biri də 200 min manat limitin artırılmasıdır. Yeni mexanizm təklif edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisi öz dövriyyəsinin bəlli hissəsini nağdsız əməliyyatlarla icra edirsə, limiti 50 faiz artırıla bilər. Bu təklif var, vergi orqanları ilə nazirlik tərəfindən müzakirə aparılır”.