Azərbaycanda sığorta şirkətlərinin sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları dəyişdirilib.
"APA-Economics" xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Yeni metodologiyaya əsasən, sığortaçıların sistem əhəmiyyətliliyi 6 indikator üzrə qiymətləndiriləcək. Ən böyük xüsusi çəki – 30% cəmi aktivlərə veriləcək.
Bundan başqa, ölkə daxilindən qəbul edilmiş təkrarsığorta haqlarının xüsusi çəkisi 25%, sığortaçının maliyyə institutlarında yerləşdirdiyi aktivlərin 15%, qiymətli kağızların dövriyyəsinin 10%, cəmi sığorta predmetlərinin sayının 10%, sığorta və təkrarsığorta portfelinin çeşidliliyinin xüsusi çəkisi isə 10% müəyyən edilib.
Sistem əhəmiyyətliliyi hesablanarkən hər bir indikator üzrə sığortaçının və ümumilikdə sığorta sektorunun son 3 illik göstəricilərinin ədədi ortası nəzərə alınacaq. Üç ildən az fəaliyyət göstərən şirkətlərdə isə fəaliyyətdə olduqları illərin hesabatları əsas götürüləcək.
Yeni qaydalara görə, hesablanmış yekun sistem əhəmiyyətlilik indeksi 15 faiz bəndi və daha yüksək olan sığorta şirkətləri sistem əhəmiyyətli sığortaçı hesab ediləcək.
Sistem əhəmiyyətli sığortaçıların siyahısı hər il sentyabrın 1-dək AMB İdarə Heyətinin qərarı ilə təsdiqlənəcək. Qərar barədə məlumat isə 5 iş günü ərzində müvafiq sığortaçıya göndəriləcək.
Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan şirkətlər üçün sığorta predmetlərinin sayı indikatoru tətbiq edilməyəcək, onun 10%-lik xüsusi çəkisi həmin kateqoriyadakı digər indikatorun xüsusi çəkisinə əlavə olunacaq.
Həmçinin müştərək sığortaçılar sistem əhəmiyyətliliyinin müəyyən edilməsində iştirak etməyəcəklər.
Qeyd edək ki, dəyişikliklər AMB İdarə Heyətinin 28 iyul 2026-cı il tarixli 33/2 nömrəli qərarı ilə təsdiqlənib.