Bank Of Baku

Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir

Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
# 16 sentyabr 2026 11:40 (UTC +04:00)

Türk dövlətləri arasında iqtisadi inteqrasiya gücləndirilməlidir.

APA xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Kürşad Zorlu Bakıda jurnalistlərə açıqlamasında deyib.

Kürşad Zorlu bildirib ki, dünyada qlobal kövrəkliklər artır və ölkələr bir sıra geosiyasi risklərlə üzləşir.

Onun sözlərinə görə, belə bir dövrdə regional inteqrasiya layihələri xüsusi əhəmiyyət kəsb edir: “Türk dövlətləri arasında iqtisadi inteqrasiya yalnız regional əməkdaşlığımız baxımından deyil, qlobal miqyasda dünya ticarəti baxımından da böyük əhəmiyyət daşıyır”.

Zorlu qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi daxili məhsulu 2,4 trilyon dollara çatıb. Onun fikrincə, bu göstərici təşkilatı dünya iqtisadiyyatında mühüm mövqeyə çıxarıb.

AK Partiyanın sədr müavini xüsusilə Orta Dəhlizin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Türkiyə bu layihəni daha da inkişaf etdirmək niyyətindədir.

Zorlu İraqla həyata keçirilməsi nəzərdə tutulan İnkişaf Yolu Layihəsinə də toxunub. O deyib ki, Suriya üzərindən Hicaz Dəmir Yolu Layihəsinin həyata keçirilməsi ilə Orta Dəhlizin Cənub Dəhlizi ilə əlaqələndirilməsi üçün yeni imkanlar yarana bilər.

Kürşad Zorlu həmçinin Türk Dövlətləri Təşkilatının qarşıdakı 13-cü Dövlət Başçıları Zirvəsinin Ankarada keçiriləcəyini xatırladıb. O vurğulayıb ki, Türkiyə zirvəyə digər üzv dövlətlərlə birlikdə intensiv şəkildə hazırlaşır. O, türk dövlətləri arasında ticarətin artırılmasına yönəlmiş Rəqəmsal Tərəfdaşlıq Sazişinin imzalandığını da açıqlayıb.

Zorlu bildirib ki, növbəti mərhələdə ortaq xarici ticarət platformasının yaradılması planlaşdırılır. Türkiyənin bu məqsədlə “Karvan” adlı layihə hazırladığını deyən Zorlu digər türk dövlətlərinin təkliflərinin də nəzərdən keçirildiyini qeyd edib. Onun sözlərinə görə, rəqəmsal platformanın fəaliyyətə başlaması ilə türk dövlətlərindəki şirkətlər məhsullarını həm bir-birinin bazarlarında, həm də dünya bazarlarında təqdim etmək imkanları əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR