Hesablama Palatası tərəfindən həyata keçirilən səmərəlilik auditləri ilə əhatə edilmiş DİM-lərin sayı artırılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.
"Strateji Planımıza uyğun olaraq, 2021-ci il üzrə 4, 2022-ci il üzrə isə 5 səmərəlilik (performans) auditi aparmışıq. 2021-ci ildə seçilən mövzuların 2-si, 2022-ci ildə isə 5-i üzrə DİM qiymətləndirilməsi aparılıb, bu illər ərzində ümumilikdə 6 məqsəd əhatə olunub. Bu halda DİM-lərin hədəfləri audit meyarlarından biri olaraq qəbul edilib. Keçirilən auditlərdə DİM-in qlobal göstəricilər sisteminə daxil olan indikatorlar üzrə Dövlət Statistika Komitəsi tərəfindən aparılan hesablamaların audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı da təhlil olunub. Həyata keçirdiyimiz səmərəlilik auditlərində indikatorlar üzrə faktiki göstəricilərin hədəflərə uyğunluğu, başqa sözlə əldə olunmuş proqres qiymətləndirilib" - V.Gülməmmədov əlavə edib.