Azərbaycanda xarici bankların yerli filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək.
APA-nın məlumatına görə, bununla bağlı “Banklar haqqında” qanuna layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.
Qanunun 46-1-ci maddəsinə (Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar) təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.
Qanunun hazırkı variantı isə belədir: Banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.
Sənədin qeyd hissəsində bildirilir ki, qanun layihəsi maliyyə bazarlarına nəzarət orqanına həmin orqanına ödənilən haqların xarici bankların yerli filiallarına da şamil olunmasını nəzərdə turur.
Qeyd etmək lazımdır ki, xarici bankların yerli filialları ölkə ərazisində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir və ölkənin maliyyə bazarlarına nəzarət sektoru onları da əhatə edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.