Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 3 mlrd. 78,6 mln. manat proqnozlaşdırılıb.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
Fondun xərclərinin 35,6%-i və yaxud 1,1 mlrd. manatı dövlət büdcəsindən birbaşa transfert, 1 mlrd. 978,6 mln. manatı və yaxud 64,4%-i məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.
Qurumun xərclərinin 95,5%-i və yaxud 2 mlrd. 923,6 mln. manatı əmək pensiyalarının ödənilməsinə, qalaq 155 mln. manatı və yaxud 5,0%-i məcburi dövlət sığorta haqları hesabına müavinətlərə, sığortaolunanların sanatoriya-kurort müalicəsinə və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə, fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması və digər sosial təyinatlı xərclərə yönəldiləcək.