Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 68,2 mln. manat və yaxud 8,2% azdır.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
2016-cı ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiya) yerli xərclərin tərkibində xüsusi çəkisi 50,3% təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 44,5 mln. manat və yaxud 5,4% azdır. 2016-cı ildən Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edəcək.
2016-cı ildə dövlət büdcəsinin yerli xərcləri 1 mlrd. 541,3 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 112,7 mln. manat və yaxud 6,8% azdır.
Yerli xərclərin 936,8 mln. manatı və yaxud 60,8%-i təhsil xərclərinə, 213,7 mln. manatı və yaxud 13,9%-i səhiyyə xərclərinə, 181,4 mln. manatı və yaxud 11,8%-i mənzil və kommunal təsərrüfatı xərclərinə, 116,7 mln. manatı və yaxud 7,6%-i icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 74,4 mln. manatı və yaxud 4,8%-i mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 18,3 mln. manatı və yaxud 1,1%-i isə digər xərclərə yönələcək.