Bakı. Yeganə Laçınzadə - APA-Eonomics. “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan bankları ilə bağlı növbəti reytinq açıqlayıb.
“APA-Economics”in verdiyi xəbərə görə, agentliyin hesabatında Azərbaycanın bəzi banklarının üzləşdiyi itkiləri kompensasiya etmə qabiliyyətinin məhdud olduğu qeyd olunub.
“Azərbaycan iqtisadiyyatının inkişafı birbaşa neft ixracından asılıdır. İqtisadi inkişafın 2015-ci ildə 1,5%-ə enəcəyi gözlənilir. Nəticə etibarilə aktivlərin keyfiyyəti aşağı düşəcək. Manatla bağlı vəziyyət də risklidir. Buna baxmayaraq, aqreqat depozitlərin səviyyəsi bu günə qədər sabit qalıb. Aidiyyatı qurumlar banklar üçün nəzərdə tutulan likvidliyi və kapital dəstəyini təmin edə bilərlər. Biz düşünürük ki, artan kredit itkiləri bir müddətdən sonra bir neçə bankın kapital vəziyyətinin pisləşməsinə səbəb ola bilər”, - deyə hesabatda vurğulanıb.
Bundan başqa, agentlik ekspertlərinin proqnozuna görə, 2016-cı ildə Azərbaycanın bank sektorunda kreditə olan tələbat azalacaq.