Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 178,042 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 56,4% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2 dəfə artaraq 111,064 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 13,234 mln. manat təşkil edib ki, bu da 2012-ci il iyulun 1-nə olan göstəriciyə nisbətən 26,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 30,3% azalaraq 4,630 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2,8 dəfə azalaraq 4,2%-ə düşüb.
Bankın depozit portfeli son bir ildə 26,7% azalaraq 45,402 mln. manata çatıb. O cümlədən , əhalinin əmanətlərinin həcmi 30,608 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,2 dəfə çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 2,3 dəfə artaraq 101,723 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,3 dəfə artaraq 93,734 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 4,4% artaraq 8 393, o cümlədən fiziki şəxslərin sayı 5,2% artaraq 8 252, hüquqi şəxslərin sayı 27,3% azalaraq 141 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 10 573-ə bərabər olub ki, bu da illik müqayisədə 33,2% çoxdur. O cümlədən, debet kartların sayı 24,2% artaraq 9 724-ə, kredit kartların sayı 7,7 dəfə artaraq 849-a çatıb.
Hazırda bankın ölkə üzrə 6 filialı, 23 bankomatı, 127 POS-terminalı fəaliyyət göstərir. Bankın 112 işçisi var.