Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Standard”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 1 mlrd. 26 mln. 229,81 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,1% artaraq 752,799 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 111,334 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 21% azdır.
Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 46,902 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 23,46% çoxdur və kreditlərin 37,029 mln. (78,9%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bankın depozit portfeli hesabat dövrü ərzində 17% artaraq 675,708 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 541,524 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,1% çoxdur.
Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 75 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 37,7% artaraq 27,102 mln. manat, xərcləri isə 20,2% artaraq 26,312 mln. manata çatıb.
Hazırda bankın ölkə üzrə 13 filialı, 144 bankomatı, 1822 POS-terminalı fəaliyyət göstərir.