Bank. Musa Əhmədov - APA-Economics. "Bank VTB (Azərbaycan)" Azərbaycanın ipoteka proqramında aktiv iştirak etmək niyyətindədir.
“APA-Economics”in məlumatına görə, bunu "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev mətbuat konfransında deyib. Onun sözlərinə görə, bank ilk növbədə müştərisi olan tikinti şirkətlərinin evlərini sataraq satış prosesində fəal iştirakını təmin etmək istəyir.
Hazırda bankın ipoteka portfelinin 10 mln. manat təşkil etdiyini deyən Y. Yakovlev bildirib ki, gələn il üçün bu göstəricinin 2, hətta 3 dəfə artırılması nəzərdə tutulub.
Bankın İdarə Heyətinin üzvü Tural Vəliyev isə qeyd edib ki, yaxın perspektivdə "Bank VTB (Azərbaycan)" təqdim etdiyi ipoteka kreditləri üzrə illik faiz dərəcələrini azalda bilər: "Hazırda bank illik 12% dərəcəsi ilə ipoteka kreditləri təqdim edir. Komissiya isə tutulmur. Biz bu məhsulun əhalinin geniş təbəqəsi üçün daha əlçatan olması üçün bəzi dəyişikliklər etməyi planlaşdırırıq. Gələcəkdə faiz dərəcəsinin 10%-dək salınmasını da düşünürük. Bu da əlbəttə ki, bazardakı cari vəziyyətdən asılı olacaq. Çünki, bu kreditlər uzunmüddətlidir və ehtiyatlı olmağı tələb edir. Hələliksə, bu plandadır”.
Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" bu ilin iyul ayında ipoteka kreditləri verməyə başlayıb.