Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” Azərbaycan şirkətlərinin yeni bazarlara çıxması prosesində aktiv iştirak etmək və yerli şirkətlərə kömək etmək niyyətindədir.
“APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi bank üçün Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin inkişafı əsas məqsədlərdən biridir. Bununla belə, Y. Yakovlev “Bank VTB (Azərbaycan)”ın nümayəndəliklərinin mövcud olduğu ölkələrdə Azərbaycan şirkətlərinə bütün bank xidmətləri göstərməyə hazır olduğunu söyləyib.
“Bankımız qonşu ölkələrdən - Gürcüstan, Qazaxıstan, Belorus və Ukraynada birgə layihlərdə aktiv işləyir. Biz Çində, Hindistanda layihələri olan və ya ticarət sövdələşmələri olan Azərbaycan şirkətlərinə bütün bank xidmətlərini göstərməyə hazırıq. İlk növbədə biz Rusiya istiqamətində fəaliyyət göstərən Azərbaycanın istehsalçı müəssisə və şirkətlərinə daha çox yardım etmək niyyətindəyik. Bilirsiniz ki, bu il hamı üçün elə də sadə il olmayıb. Bu gün dünyada və postsovet ölkələrində geosiyasi və iqtisadi dəyişikliklər baş verir. Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Rusiya tərəfdən buna cavab olaraq Avropadan məhsullarının idxalına məhdudiyyət Bu isə ikitərəfli əlaqələrin daha da inkişaf etməsi üçün Azərbaycana yaxşı imkan verir. Azərbaycanda istehsalçılar Rusiyaya idxal məqsədilə məhsullar almağa və saxlamağa başlayıb. Bura ilk növbədə meyvə, tərəvəz və digər məhsullar aiddir. Biz bazarın bu seqmentini də əsas prioritetlərdən hesab edirik. Ona görə də, regionlarda və Bakıdakı şirkətlərə yardım etmək niyyətindəyik”, - deyə Y. Yakovlev vurğulayıb.
Bankın İdarə Heyətinin sədri əlavə edib ki, müxtəlif statistikalara görə, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır, Rusiya və Azərbaycan şirkətlərində işləyirlər. Bütün bunları nəzərə alan bank pulköçürmə sistemində bəzi yeniliklər etmək niyyətindədir. Y.Yakovlev bildirib ki, bununla bağlı tədbirlər planı da hazırlanıb: “Bilirsiniz ki, Rusiyadan Azərbaycana böyük həcmdə pul köçürmələri həyata keçirilir. Biz bazarın bu seqmentindən istifadə etmək və bu seqmenti inkişaf etdirmək niyyətindəyik. Bununla bağlı, biz plastik kartlar vasitəsilə ödəmə sistemlərində müxtəlif məhsullar təqdim etmək niyyətindəyik. Məqsəd odur ki, Rusiyaya səfər edənlər və bizim ölkədə işləyənlər bu kartlardan aktiv istifadə etsinlər”.
Yeri gəlmişkən, bununla bağlı “Bank VTB (Azərbaycan)” və “AtaBank” tərəfindən ödəniş kartları, pulköçürmə və digər sahələrdə birgə layihələr hazırlanıb. 2015-ci ildən bu məhsulların bazara təqdim olunması gözlənilir.