Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası bərpa edilən “Kövsər Bank”ın tam fəaliyyətə başlaması üçün hazırlıq görülür. Bu barədə “APA-Economics”ə bankın baş mühasibi Kamil Rüstəmli məlumat verib.
Onun sözlərinə görə, qurum uzun müddət işləmədiyindən, hazırda ödəniş sistemlərinin bərpası istiqamətində iş gedir: “Bu işlərin bir aya yekunlaşdırılması nəzərdə tutulub. Hazırda xaricdə olan bankın rəhbərliyi gələn həftə ölkəyə qayıdacaq”.
“Kövsər Bank” yenə İslam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərəcəkmi?” sualına baş mühasibin cavabı belə olub: “Bəli, biz nizamnaməyə uyğun fəaliyyət göstəririk”.
K.Rüstəmli qeyd edib ki, Mərkəzi Bankın tələblərinə uyğun olaraq bu ilin sonuna kimi bankın nizamnamə kapitalını 50 mln. manata qədər artırmaq niyyəti var: “Hazırda bankın nizamnamə kapitalı 12,02 mln. manatdır”.
Qeyd edək ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankı “Kövsər Bank”ın lisenziyasını bərpa edib.
Xatırladaq ki, bankın lisenziyası 2010-cu ilin sonunda AMB-nin ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçirilməməsinə görə ləğv edilib. İki filialı olan “Kövsər Bank” İslam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərir və faizlə kredit vermir.