Bakı. Yeganə Laçınzadə - APA-Economics. Martın 6-da “Kövsər Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, səhmdarlar bankın kapitalında payın böyük hissəsinin satışını təsdiq etməli, bankın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə etməlidirlər.
2014-cü ilin dekabr ayında “Kövsər Bank” nizamnamə kapitalını 4,1 dəfə - 50,02 mln. manatadək artırmaq məqsədilə 38 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsini həyata keçirib. Əlavə emissiya səhmlərinin alıcısı qismində “Synergy Group” ASC çıxış edib.
“Kövsər Bank” 1988-ci ildə yaradılıb və Azərbaycanda İslam Bankçılıq sisteminə əsasən fəaliyyət göstərən ilk bankdır. Bank klassik kreditlər vermir. Hazırda 11 hüquqi və 24 fiziki şəxs bankın səhmdarıdır.
Qeyd edək ki, Mərkəzi Bank 2010-cu ilin dekabr ayında “Kövsər Bank” ASC-nin bank əməliyyatlarının keçirilməsi üçün lisenziyasını ləğv edib. Səbəb bankın kapitala dair minimal tələblərə riayət etməməsi, prudensial hesabatın təqdim edilməsi ilə bağlı bank qanunvericiliyini pozması olub. Lakin bankın rəhbərliyi AMB-nin bu qərarı ilə razılaşmayıb və məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
3 il davam edən təhqiqatdan sonra məhkəmənin qərarı ilə 2014-cü ilin aprel ayında AMB bankın lisenziyasını bərpa edib.