Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin II rübündə “Qafqaz İnkişaf Bankı”nın aktivlərinin həcmi 156,955 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,03% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,38% artaraq 146,852 mln. manat olub.
Bu il iyul ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 33,407 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 61,27% çoxdur.
Bu ilin I yarısında bankın ipoteka kreditlərinin həcmi 2,109 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 21,56% çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 40,30% artaraq 2,814 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 10,33% artaraq 8,785 mln. manat təşkil edib. İyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə 6,769 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 21,54% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 6,79 % artaraq 64,408 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,09 % artaraq 60 mln. manat təşkil edib.
Bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 15,11% azalaraq 7,097 mln. manat, xərcləri isə 13,25% azalaraq 3,669 mln. manata çatıb.
Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 3,428 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 3 POS-terminalı fəaliyyət göstərir.