Bakı. Pərviz Nuriyev – APA-Economics. “Qafqaz İnkişaf Bankı”nın aktivləri 2014-cü ilin I rübündə 129,857 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,6% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,8% artaraq 118,523 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 21,2 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 1,4% azdır.
Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 1,463 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur və kreditlərin hamısı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 3,9 dəfə artaraq 699,5 min. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 27,9% azalaraq 7,972 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 5,735 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 12,2% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 81,1% artaraq 59,104 mln. manata çatdığı halda, nizamnamə kapitalı 76,3% artaraq 55 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,33 dəfə artaraq 5,212 mln. manat, xərcləri isə 29,6% artaraq 2,14 mln. manata çatıb.
Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 3 mln. 72,1 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.