Bakı. Musa Əhmədov - APA-Economics. “Rabitəbank” ASC-dən kredit almaq istəyən müştərilər iş yerindən arayışlarını bankın filiallarında ala bilərlər.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, daim müştərilərinin rahatlığını düşünən “Rabitəbank” ASC öz filiallarında quraşdırılmış elektron hökumət portalı vasitəsilə müraciət edən şəxslərin bankdan ayrılmadan arayış əldə etmələri üçün şərait yaradıb.
Məlumat Hesablama Mərkəzi və “Rabitəbank”ın uğurlu əməkdaşlığının nəticəsi olaraq istifadəyə verilmiş www.e-gov.az elektron hökumət portalından müştərilərin daha rahat istifadəsi təmin edilmiş olacaq.
“Rabitəbank”ın bütün filiallarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə imzalanmış müqaviləyə əsasən “Elektron Hökumət”in qeydiyyat məntəqələri yerləşdirilib və müştərilərin sadəcə şəxsiyyət vəsiqələri ilə filiallara yaxınlaşaraq iş yerini və əmək haqlarını təsdiq edən arayışlarını əldə etmək imkanı yaradılıb.
1993-cü ildən etibarən ölkədə kiçik və orta sahibkarların sadiq tərəfdaşı olmaqla yanaşı, “Rabitəbank” eyni zamanda ən üstün müştəri xidmətlərinin təminatçısı olaraq bazarda öz mövqeyini qorumaqdadır.