Bakı. Pərviz Nuriyev – APA-Economics. “Zaminbank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 468,171 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,9% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13% artaraq 272,032 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 151,234 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 18% azdır.
Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 48,005 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 2% azdır və kreditlərin 35,151 mln. manatı (73,2%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 5% artaraq 12,98 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 12,8% artaraq 98,372 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 90,626 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 15,6% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 1,39 % artaraq 51,512 mln. manata çatdığı halda, nizamnamə kapitalı 11,9% artaraq 47,182 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 73,6% artaraq 12,257 mln. manat, xərcləri isə 4,7 dəfə artaraq 11,635 mln. manata çatıb.
Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 621,72 min manat təşkil edib ki, buda keçən ilin analoji dövrünə nisbətən 7,4 dəfə azdır.
Hazırda bankın ölkə üzrə 38 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir.