Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABR) Rusiyadakı törəmə bankı olan «ABB-Moskva»nın Sankt-Peterburq filialının aktivləri son bir ildə 26%, ilin əvvəlindən isə 20% artaraq 2012-ci il oktyabrın 1-nə 3 193,6 mln. rubl (79,840 mln. manat) təşkil edib. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, filialın kredit portfelinin həcmi 2 566 mln. rubl (64,150 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25%, bu ilin əvvəlindən isə 22% çoxdur.
Filialın fiziki şəxslərin depozit portfelinin həcmi 688 mln. rubla (17,2 mln. manat) bərabər olub ki, bu da illik müqayisədə 40% artıqdır, ilin əvvəlindən isə artım 24% təşkil edib.
Bu ilin oktyabrın 1-nə filialda 900 korporativ müştəriyə xidmət göstərilib. Ötən ilin oktyabrın 1-dən müştərilərin sayı 40%, bu ilin 9 ayı ərzində isə 25% artıb.
Cari ilin ilk üç rübü ərzində hesab açmadan 14 min pulköçürmə əməliyyatı həyata keçirilib ki, bunların məcmu həcmi 16,5 mln. dollar təşkil edib, 2,5 mln. dollar həcmində olan 1 850 köçürmə üzrə ödəmələr aparılıb. Filialda banka məxsus «IBA-Express», «Western Union», «Contact» və «Zolotaya Korona» sistemləri fəaliyyət göstərir.
Yanvar-sentyabr ayları ərzində filial tərəfindən 20 mln. dollar və 4,5 mln. avro həcmində nağd alqı-satqı əməliyyatları keçirilib. Müştərilərin nağdsız xarici valyuta ilə əməliyyatlarının həcmi 400 mln. dollar və 65 mln. avro, bankın öz əməliyyatlarının həcmi isə 380 mln. dollar və 65 mln. avroya bərabər olub. Bankdan bildiriblər ki, belə yüksək həcmlər filialın xarici ticarətlə məşğul olan şirkətlərə xidmət göstərməsi ilə bağlıdır.
Bununla yanqaşı, bu ilin 9 ayı ərzində filial 1 900 plastik kart buraxıb. Ticarət ekvayrinqi üzrə dövriyyə 210 mln. rubl (5,250 mln. manat), bankın bankomatları və POS-terminalları vasitəsi ilə nağd pulların çıxarılması üzrə dövriyyə 190 mln. rubl (4,750 mln. manat) və 1,5 mln. dollar təşkil edib. Hesabat dövründə 37 mlrd. rubl (925 mln. manat) həcmində 110 mindən artıq hüquqi şəxs olan müştərilərin ödəniş tapşırıqları yerinə yetirilib.
Hazırda Sankt-Peterburq filialının əsas ofisindən başqa şəhərin müxtəlif rayonlarında 3 əlavə ofisi var. Filialın 19 bankomatı və 123 POS-terminalı fəaliyyət göstərir.