Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti könüllü tibbi sığorta sahəsində müştərilərə «Sağlam həyat» adlı könüllü tibbi sığorta (KTS) polisini təklif edir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Sağlam həyat» fiziki şəxslər üçün ölkənin sığorta bazarında tam yeni məhsuldur.
Sığorta hadisəsi baş verdikdə «Sağlam həyat» polisi klinikada palata və qida, cərrahi əməliyyatın aparılması, stasionarda mütəxəssis həkimlərin konsultasiyaları, stasionar müalicə ilə bağlı bütün diaqnostika proseduraları, reanimasiya və reabilitasiya tədbirləri və s. kimi bütün məsələləri həll edəcək.
Bu məhsulun hazırlanması zamanı şirkət mütəxəssisləri Azərbaycanda ən çox rast gəlinən xəstəliklər statistikasından istifadə ediblər. Onkoloji xəstəliklərin cərrahi müalicəsi (əməliyyat sonrası reabilitasiya çərçivəsində kimya terapiyası prosedurası daxil olmaqla), kardio-cərrahi müdaxilələr, bədbəxt hadisə nəticəsində tələb olunan orqan köçürülməsi, venada varikoz genişlənmə zamanı əməliyyat müdaxiləsi, oynaqlarda endoprotezləmə – «Sağlam həyat» sığorta polisi bütün bu və digər aspektləri də ödəyəcək.
Bundan başqa, yeni KTS məhsulunun şərtlərinə əsasən, şirkət təkcə xərclərin ödənilməsini deyil, xidmətlərin təşkili üzrə riskləri də öz üzərinə götürəcək. Həkim-ekspertlər zəruri tibbi yardımın keyfiyyətinə və həcminə diqqətlə nəzarət edəcəklər. Son nəticədə, müştəri vaxtına qənaət edərək, yüksək keyfiyyətli xidmət əldə edəcək.
Sığorta polisinin qiyməti 200 manatdır. Polisi 16 yaşından 60 yaşına qədər istənilən fiziki şəxs əldə edə bilər. Bunun üçün Bakıda və regionlarda şirkətin sığorta agentliyinə müraciət etmək kifayətdir (www.axambask.az/az/agentl%C9%99r-68).
Məhsul haqqında əlavə məlumat əldə edə etmək üçün (012) 950 nömrəsinə zəng vurmaq olar.