Bakı. Vahab Rzayev - APA-Economics. «Bank of Baku» ASC-nin ötən ilin may ayında təsis etdiyi «Dostlar klubu»na qoşulan 100 000-si müştəri bu gün müəyyən edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Dostlar klubu»nun 100 000-ci üzvü Bakı şəhər sakini İlham Şiriyev olub.
Bu münasibətlə müştərinin kartına 1 000 manat məbləğində bonus yüklənib və ona korporativ hədiyyə təqdim edilib. Bonusla yüklənmiş kart bank müştərisinə «Bank of Baku»nun «Həzi Aslanov» filialında təqdim edilib. Təqdim edilmiş bonus məbləğinin 200 manatlıq miqdarını müştəri pulsuz mobil rabitə balansına çevirə bilər. «Dostlar klubu»nun 100 000-ci üzvü «Brilyant» kart sahibidir.
«Bank of Baku»nun «Dostlar klubu» çərçivəsində uzunmüddətli müştərilərə müxtəlif növ imtiyazlı kartlar verilir. Bu kartlar, «Bank of Baku» ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən və müsbət kredit tarixçəsinə malik müştərilərə pulsuz paylanılır.
Kart sahiblərinə hər kredit ödənişindən ayrılan bonus yeni kredit zamanı komissiya haqqının ödənilməsinə sərf edilir. Beləliklə, həmin müştəri yenidən bank məhsul və xidmətlərindən yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyir. Kart sahibləri həmçinin arayışsız və sərfəli faiz dərəcələri ilə 10 000 manatadək kredit götürmək imkanı və pulsuz mobil rabitə balansı əldə edir. Kartın sahibi habelə hər-hansı təcili vəziyyət üçün ekspress kredit xəttinə malikdir.