Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 373,582 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,3% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,0% artaraq 281,435 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 108,383 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 42,8% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 24,0% artaraq 15,518 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,8 faiz bəndi artaraq 5,5%-ə çatıb.
Bankın depozit portfeli son bir ildə 26,3% artaraq 168,240 mln. manat təşkil edib. O cümlədən, əhalinin əmanətlərinin həcmi 151,463 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 24,1% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 10,4% artaraq 56,523 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 21,0 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 37,9% azalaraq 36 780, o cümlədən fiziki şəxslərin sayı 46,9% azalaraq 30 798, hüquqi şəxslərin sayı 3,7 dəfə artaraq 5 007 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 26 879-a bərabər olub ki, bu da illik müqayisədə 14,6% azdır. O cümlədən, debet kartların sayı 12,2% azalaraq 21 605-ə, kredit kartların sayı 24,3% azalaraq 5 274-ə çatıb.
Hazırda bankın ölkə üzrə 31 filialı, 60 bankomatı, 1 604 POS-terminalı fəaliyyət göstərir. Bankın 886 işçisi var.