Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən «Accessbank» QSC-nin uzunmüddətli reytinqini «BB+» səviyyəsində təsdiqləyib, dayanıqlılıq reytinqini isə «B+» səviyyəsindən «BB-» səviyyəsinədək yüksəldilib.
Bankdan «APA-Economics»ə verilən xəbərə görə, «Accessbank»ın baş meneceri Maykl Xoffmann (Michael Hoffmann) bəyan edib ki, bank Azərbaycanın bank sektorunda ən yüksək kredit reytinqinə malikdir. Dayanıqlılıq reytinqinin «BB-» səviyyəsinə kimi yüksəldilməsi mürəkkəb əməliyyat mühiti şəraitində bankın uğurlu və sabit fəaliyyətini, mənfəət baxımından yaxşı maliyyə göstəricilərini, aktivlərin keyfiyyətini və kapitallaşmasını, həmçinin, güclü menecment və idarəetməni əks etdirir.
Qeyd edək ki, «Accessbank» QSC 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya İnkişaf Bankı və Almaniyanın məsləhətçilik şirkəti olan «LFS Financial Systems» (LFS) təşkilatları tərəfindən yaradılıb. «Accessbank» kiçik və orta müəssisələrinin kreditləşdirilməsi ilə məşğul olur. Bütünlüklə Azərbaycanda «Accessbank»ın 37 filialı fəaliyyət göstərir və bankda ümumilikdə 1 857 nəfər əməkdaş çalışır.