Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Joint Leasing» şirkətinin lizinq portfeli 2012-ci il noyabrın 1-nə 36 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə şirkətin prezidenti Elçin Əhmədov məlumat verib.
E.Əhmədovun sözlərinə görə, şirkət bu yaxınlarda lizinqalanlar üçün lizinq şərtlərini daha cəlbedici etmək məqsədi ilə lizinq maliyyələşməsi üzrə faiz dərəcəsini azaldıb.
Qeyd edək ki, yeni şərtlərə əsasən, ilkin ödənişi 35%-dən çox olan müştərilər üçün lizinq əməliyyatları üzrə maliyyə vəsaitləri illik 17%-dən başlayan dərəcələrlə təqdim olunur. Bundan əvvəl faiz dərəcələri lizinq məbləğindən asılı olaraq 18-20% təşkil edib.
E.Əhmədov bildirib ki, hazırda şirkət əsasən tikinti avadanlığı, tikinti texnikası, avtonəqliyyat, səhiyyə avadanlığı, kommersiya xarakterli daşınmaz əmlakı lizinqi üzrə xidmətlər göstərir.
Şirkətin problemli kreditlərinə toxunan E.Əhmədov bəyan edib ki, bu sahədə «Joint Leasing» hər hansı ciddi problem hiss etməsə də, ümumilikdə bu sahədəki qanunvericilikdə müəyyən problemlər var. Belə ki, ödəniş etmədiyinə görə, geri alınan avadanlıq və ya texnika (lizinq predmeti) qanunvericiliyə uyğun olaraq təkrar lizinqə verilə bilməz və yalnız icarə kimi istifadə olunur ki, burada ikiqat vergitutma və s. problemlər yaranır.
Xatırladaq ki, «Joint Leasing» şirkəti 2007-ci il iyunun 14-dən etibarən «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» 1999-cu ildə yaradılıb.