Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 313,241 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,8% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,3% artaraq 222,224 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 46,412 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə nisbətən 16,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 2 dəfə artaraq 9,651 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 1,8 faiz bəndi artaraq 4,3%-ə çatıb.
Bankın depozit portfeli son bir ildə 22,5% artaraq 110,615 mln. manat, o cümlədən, əhalinin əmanətlərinin həcmi 91,947 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 22,0% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 34,6% artaraq 49,804 mln. manata, o cümlədən nizamnamə kapitalı 46,0% artaraq 41,306 mln. manata çatıb.
Təhlil olunan dövr ərzində «Muğan Bank»ın cəmi müştərilərinin sayı 13,0% artaraq 76 437, o cümlədən fiziki şəxslərin sayı 14,3% artaraq 70 987, hüquqi şəxslərin sayı 1,7% azalaraq 5 450 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 10 941-ə bərabər olub ki, bu da illik müqayisədə 17,8% çoxdur. O cümlədən, debet kartların sayı 19,3% artaraq 9 921-ə, kredit kartların sayı 0,9% artaraq 920-yə çatıb.
Hazırda bankın ölkə üzrə 30 filialı, 54 bankomatı, 659 POS-terminalı fəaliyyət göstərir. Bankın 674 işçisi var.